Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Qazaxıstan millisinə məğlub olduqları yoldaşlıq oyunu haqda danışıb.
Hafta.az bu barədə Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir.
Baş məşqçi futbolçuların bu dəfə meydanda daha inamlı təsir bağışladıqlarını bildirib: “Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə də yaxşı oynadığımızı deyə bilərəm. Əslində, yoldaşlıq oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu”.
Kukseviç qeyd edib ki, zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır: “Yenə deyirəm, bugünkü oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Qazaxıstanla keçirdiyi yoldaşlıq oyununda məğlub olub - 2:4.